MALAKİ 3

1«Budur, Mən Öz elçimi göndərirəm. O, önümdə yol hazırlayacaq. Axtardığınız Xudavənd qəflətən Öz məbədinə gələcək. Görmək arzusunda olduğunuz Əhd Mələyi gələcək» deyir Ordular Rəbbi. 2«Ancaq Onun gələcəyi günə kim tab gətirə bilər? Zühur edəndə kim davam gətirə bilər? Çünki O, əridicinin odu, yuyucunun sabunu kimi olacaq. 3O, gümüş əridib təmizləyən adam kimi rəftar edəcək: Levililəri saflaşdırıb qızıl və gümüşü təmizləyən kimi təmizləyəcək. Beləcə salehliklə Rəbbə qurbanlar gətirəcəklər. 4Onda Yəhudanın və Yerusəlimin qurbanları əvvəlki vaxtlar, keçmiş illərdə olduğu kimi Rəbbə xoş gələcək. 5Mən cəza vermək üçün sizə yaxınlaşacağam. Ovsunçulara, zinakarlara, yalandan and içənlərə, muzdurun, dul qadının, yetimin, qəribin haqqını tapdalayanlara – Məndən qorxmayanlara qarşı tezliklə şahid olacağam» Ordular Rəbbi belə deyir. 6«Mən Rəbbəm və heç vaxt dəyişmirəm. Siz bunun üçün məhv olmadınız, ey Yaqub övladları! 7Atalarınızın dövründən bəri qaydalarımdan döndünüz və onlara əməl etmədiniz. Mənə tərəf dönün, Mən də sizə tərəf dönərəm» deyir Ordular Rəbbi. «Siz “Necə dönək?” deyə soruşursunuz. 8İnsan da Allahdan oğurlayarmı? Siz isə Məndən oğurlayırsınız. “Səndən nəyi oğurlayırıq?” deyə soruşursunuz. Onda birləri və təqdimləri oğurlayırsınız. 9Siz böyük lənətə düçar oldunuz. Çünki bütün millət – hamınız Məndən oğurlayırsınız. 10Bütün ondabirlərinizi anbara gətirin ki, məbədimdə ərzaq olsun». Ordular Rəbbi deyir: «Siz bununla Məni sınayın. Görəcəksiniz ki, göylərin pəncərələrini sizə açacağam, üzərinizə ehtiyaclarınızdan da çox bərəkət yağdıracağam. 11Çəyirtkələri əkinlərinizi yeməyə qoymayacağam, tarlada meynəniz məhsulsuz qalmayacaq» deyir Ordular Rəbbi. 12«Bütün millətlər sizi bəxtiyar sayacaq. Çünki ölkəniz gözəl bir yer olacaq» deyir Ordular Rəbbi. 13«Mənə qarşı sərt sözlər söylədiniz» deyir Rəbb, «siz isə “Sənə qarşı nə söylədik?” deyə soruşursunuz. 14Siz dediniz: “Allaha xidmət etmək faydasızdır. Ordular Rəbbinin buyruğunu yerinə yetirsək də, Onun önündə yas içində gəzsək də, bunlardan bizə nə xeyir oldu? 15İndi biz məğrurları bəxtiyar sayırıq. Pislik edənlər işlərində uğur qazanır, Allahı sınayanlar da cəzadan qurtarır”». 16O zaman Rəbdən qorxanlar bir-birləri ilə danışdı. Rəbb bu sözlərə qulaq asıb dinlədi. Rəbdən qorxub adına hörmət edənlər üçün Onun önündə bir yaddaş kitabı yazıldı. 17Ordular Rəbbi deyir: «Fəaliyyətə keçdiyim gün onlar Mənə məxsus xalq olacaq. Bir ata özünə xidmət edən oğluna necə rəhm edərsə, Mən də onlara elə rəhm edəcəyəm. 18O zaman siz salehlə pis adam, Allaha qulluq edənlə etməyən arasındakı fərqi yenə görəcəksiniz».


Copyrighted Material
Learn More

will be added

X\